|
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisi İran və Pakistan İslam Respublikalarından gələn zəvvar nümayəndə heyətlərini qəbul etmişdir 10/7/2026 ![]() |
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi
davamlı olsun) ofisində İran İslam Respublikasından və Pakistan İslam
Respublikasından İraqa ziyarətə gəlmiş bir sıra nümayəndə heyətləri qəbul
olunmuşdur. Nümayəndə heyətləri ayrı-ayrılıqda hörmətli mərcəi-təqlidin (kölgəsi
davamlı olsun) bir neçə nümayəndəsi ilə görüşüblər. Görüşlərdə nümayəndə heyətlərinə hörtmətli mərcəi-təqlidin
(kölgəsi davamlı olsun) salamları çatdırılıb və onlara müvəffəqiyyət, ziyarətlərinin
qəbul olunması üçün dualar edildiyi bildirilib. Həmçinin İraqdakı müqəddəs
ziyarətgahlara gələn zəvvarlar üçün bir sıra mühüm tövsiyə və nəsihətlər
verilib. Bildirilib ki, bu mənəvi səfərdən Allah-taala ilə bağlılığı daha da
möhkəmləndirmək, haqq dinin dəyərlərinə sadiqliyi artırmaq və müqəddəs məkanların
yaratdığı mənəvi ab-havadan layiqincə bəhrələnmək üçün istifadə etmək lazımdır. Hörmətli mərcəi-təqlidin (kölgəsi davamlı olsun) təmsilçisi
və Mərkəzi ofisinin müdürü Şeyx Əli Nəcəfi də ziyarətçi nümayəndə heyətləri ilə
görüşərək onlara bir sıra tövsiyə və nəsihətlər verib. O, İraqın böyük dini məqam
və əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Belə ki, İraqda altı məsum
imamın (ə.s), habelə bir sıra peyğəmbərlərin (ə.s), övliyaların və saleh
insanların müqəddəs məqbərələri yerləşir. Şeyx Əli Nəcəfi vurğulayıb ki, bu böyük ilahi nemət zəvvar
qarşısında mühüm bir məsuliyyət qoyur. Zəvvar öz ziyarətini həyatında müsbət dəyişiklik
və özünü islah etmək üçün bir fürsətə çevirməli, davranışını və həyat tərzini
İslamın təlimlərinə və Əhli-beytin (ə.s) yoluna uyğunlaşdırmağa çalışmalıdır. O, həmçinin bildirib ki, Nəcəful-Əşrəf möminlərin əsrlər
boyu tanıdığı kimi, elm və iman ocağı olaraq qalacaq. Nəcəf dini bilik axtarışı
ilə buraya üz tutan hər kəs üçün öz qapılarını açıq saxlayacaq, möminlərin dini
vəzifələrini yerinə yetirmələrinə, əqidələrini möhkəmləndirmələrinə və
Əhli-beyt (ə.s) məktəbi ilə bağlılıqlarını daha da dərinləşdirmələrinə yardım
göstərməyə davam edəcək. Görüşlər zamanı Seyid Tahir Cəzairi də dini biliklərə
yiyələnməyin və dini vəzifələrə düzgün və dəqiq əməl etməyin əhəmiyyətindən
danışıb. O bildirib ki, dini bilik və öhdəliklərə diqqətin artırılması insan
üçün həm dünya, həm də axirət baxımından xeyirlidir. Həmçinin insanın davranış
və mənəviyyatını kamilləşdirən, möminin həyatında əxlaqi və mənəvi intizamı
gücləndirən bir sıra iman və əxlaq məsələlərinə toxunub. Şeyx Muhəmməd Rza Tərəfi isə hörmətli mərcəi-təqlidin
(kölgəsi davamlı olsun) daim tövsiyə etdiyi əsas məsələlərdən danışıb. O,
xüsusilə imanın şərtlərini açıqlayaraq bildirib ki, insanın özünü mütəmadi
olaraq hesaba çəkməsi, Allah-Təala ilə bağladığı əhdə vəfalı olması və saleh əməlləri
davamlı şəkildə yerinə yetirməsi imanın əsas dayaqlarındandır. Bunlar insanın
imanını möhkəmləndirməsinin və mənəvi kamilliyə çatmasının başlıca əsaslarıdır. Şeyx Muhəmməd Rza Tərəfi görüşlər zamanı zəvvarın riayət
etməli olduğu bir sıra ədəb və qaydaları da açıqlayıb. O bildirib ki, zəvvar bu
qaydalara diqqətlə əməl etməli, ziyarətinin qəbul olunmasına layiq görülməsi və
müqəddəs səfərdən mənəvi və əxlaqi baxımdan müsbət nəticələrlə qayıtması üçün
bu fürsətdən düzgün istifadə etməlidir.
Görüşlərin sonunda ziyarətçi nümayəndə heyətləri onlara göstərilən səmimi diqqətə, verilən dəyərli tövsiyə və nəsihətlərə görə dərin minnətdarlıqlarını ifadə ediblər. Onlar Allah-taaladan hörmətli mərcəi-təqlidi (kölgəsi davamlı olsun) hifz etməsini, onun bərəkətli kölgəsini daim üzərlərində saxlamasını və İslama və müsəlmanlara xidmətini davam etdirməsində ona müvəffəqiyyət bəxş etməsini diləyiblər. |