Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) İraq və Körfəz ölkələrindən gələn zəvvar heyətlərini qəbul etdi və onlara atalıq nəsihətlər verdi 2/6/2025 ![]() |
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı
olsun), İraqdan və bir sıra Körfəz ölkələrindən Nəcəful-Əşrəfə gəlmiş zəvvar
heyətlərini qəbul edib. Onlar, Mövlamız Əmirul-möminin imam Əli ibn Əbi Talibin
(ə.s) mübarək hərəmini ziyarət etmək üçün gəlmişdilər. Atalıq məhəbbəti ilə dolu və nəsihətlərlə zəngin olan bu
görüşdə, Ayətullah Nəcəfi (kölgəsi davamlı olsun) zəvvarlara bir sıra dini və
ictimai tövsiyələr verərək, onları sadiq möminlərin əxlaqına riayət etməyə və hər
gün öz nəfsini hesaba çəkməyə çağırdı. O, qeyd etdi ki: “Kim gündəlik olaraq öz
nəfsini hesaba çəkmirsə, böyük təhlükə altındadır”. O, bildirdi ki, nəfsin
hesaba çəkilməsi nə kişi, nə qadın, nə yaş, nə də vəzifə ilə əlaqəlidir – bu, həqiqi
möminin sifətlərindəndir. O buyurdu: “Nəfsini hesaba çəkməyən
şəxs əhli-iman sayılmaz. Həqiqi mömin daima özünü dəyərləndirən və nəfsini
yoxlayan biridir – istər kişi olsun, istər qadın, istər gənc, istərsə də yaşlı,
fərq yoxdur. İnsan hər gecə oturub düşünməlidir: sübh namazından yatmazdan əvvələdək
nə etdi? Nə gördü? Nə eşitdi? Nə danışdı? Nə aldı və nə verdi? Atdığı addımlar
itaət içində idimi, yoxsa günahda?” Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı
olsun) əlavə etdi ki, nəfsin hesaba çəkilməsi üçün ən uyğun zaman gecə vaxtıdır
– ev sakitləşdikdən sonra insan tək qalaraq gün ərzində etdiyi işləri gözdən
keçirməlidir. Əgər itaət içində olduğunu görərsə, Allaha şükür etməli və qəbul
olunması üçün dua etməlidir. Əgər xəta etdiyini hiss edərsə, peşman olmalı,
istiğfar etməli və Allahdan bağışlanma diləməlidir. O, həmçinin imam Musa ibn Cəfərin (ə.s) öz övladlarına
etdiyi nəsihəti xatırladaraq bildirdi ki, bu nəsihət çox dəyərli, dini mahiyyəti
dərk etdirən və axirət üçün tükənməz xəzinə olan bir tövsiyədir.
Ayətullah buyurdu: “Bu vəsiyyəti
daim göz önündə saxlayın – övladlarınıza, qızlarınıza, nəvələrinizə bu tövsiyəni
çatdırın. Bu, dünya üçün də bir qanundur”. Zəvvarlara müraciətlə dedi: “Əgər sizlərdən
kimsə Nəcəfdən bu nəsihəti özü ilə aparmadan çıxarsa, böyük bir şey itirmiş
olar. Bu, ötəri bir ziyarət deyil – bu, ilahi bir lütfdür və böyük bir nemətdir
ki, şüur və davranışla nəticələnməlidir”. Söhbətin davamında Ayətullah Nəcəfi (kölgəsi davamlı olsun)
Nəcəful-Əşrəfin fəziləti və əzəməti barədə danışaraq dedi: “Möminin Nəcəfdə
yatması ibadətdir, çünki orada imam Əli (ə.s) var. Onun doğumu Kəbədə olmuşdur,
buna görə bəzi rəvayətlərdə deyilir ki, möminin Məkkədə yatması da ibadətdir”.
O, əlavə etdi ki, Əmirul-möminin imam Əlinin (ə.s) qəbri yanında olmaq dərin mənəvi
və ruhi məna daşıyır. Sonda Ayətullah Nəcəfi (kölgəsi davamlı olsun) zəvvarları
İslam tarixində mühüm rola malik olan dini məkanları – xüsusilə Kufə məscidini
ziyarət etməyə təşviq edərək dedi:
“Bu məscid dünyada ən böyük elmi məsciddir. Orada Əmirul-möminin (ə.s) oturur və namaz qılırdı. Elə orada da şəhid oldu. Bu məscid unudulmamalı olan böyük bir tarixə şahidlik edir". |