|
Özünütərbiyəyə çağırış və şüurlu mərifətin vurğulanması – Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisi Ərbəin ziyarətində iştirak edən zəvvar heyətlərini qəbul edir 26/7/2026 ![]() |
Nəcəful-Əşrəf: Nəcəf şəhəri imam Hüseynin (ə.s) Ərbəin
ziyarət mərasimlərini həyata keçirmək üçün İraqın müxtəlif şəhərlərindən və
dünyanın müxtəlif yerlərindən gələn milyonlarla zəvvarı qəbul etməkdə davam
edir. Bu iman və mənəviyyat axını çərçivəsində Ayətullah əl Üzma Şeyx Bəşir
Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisində də İraqın daxilindən və
xaricdən Ərbəin ziyarətində iştirak edən müxtəlif heyətlərin davamlı qəbulu və
sıx görüşlər həyata keçirilir. Bu görüşlərdən birində hörmətli Seyid Muhəmməd Cəzairi
iştirak edən izdiham qarşısında tövsiyə xarakterli çıxış etmiş, zəvvarın müqəddəs
Kərbəlaya doğru yürüşü zamanı diqqətdə saxlamalı olduğu əxlaqi və mənəvi məqamları
izah etmişdir. O, Əhli-beytin (ə.s) yoluna səmimi və şüurlu şəkildə
bağlı qalmağın zəruriliyini vurğulamış, zahiri və formal mənsubiyyət
iddiasının, insanın Əhli-beytin (ə.s) həqiqi davamçısı və onların məktəbinə
nümunəvi şəkildə tabe olan şəxs olmasına imkan verən əxlaqi xüsusiyyət və fəzilətlərlə
müşayiət olunmadığı təqdirdə, boş bir iddiadan ibarət olduğunu bildirmişdir. Hörmətli Seyid izah etmişdir ki, şiəlik məqamı uca və
yüksək iman mərtəbəsidir. Bu məqam zahiri iddialarla əldə olunmur. Əksinə,
insanın özünü islah etməsi, möminlərin səmimi xüsusiyyətləri ilə zinətlənməsi,
nifaqdan, riyakarlıqdan və dini dəyərlərə yalnız zahiri və formal münasibətdən
uzaq olması ilə əldə edilir. Bu maarifləndirici çıxış imam Hüseyndən (ə.s) nəql
olunan bir sıra hədislərə əsaslanmışdır. Həmin hədislərdə bildirilir ki, həqiqi
şiələr qəlblərini hiylə, kin və nifaqdan təmizləmiş şəxslərdir. Əsl mənsubiyyət
isə insanın davranışında və ailəsi, cəmiyyəti ilə gündəlik münasibətlərində
açıq şəkildə özünü göstərir. O, zəvvarları bu mübarək günləri özlərinə nəzər salmaq
və nəfsi hesaba çəkmək üçün fürsətə çevirməyə, xüsusilə gecə saatlarında öz əməllərini
və niyyətlərini Quranın dəyərləri və Əhli-beytin (ə.s) təlimləri ilə müqayisə
etməyə çağırmışdır. Həmçinin vurğulamışdır ki, insanın dini və dünyəvi həyatının
islahı şüarların səsləndirilməsi və zahiri görüntülərlə kifayətlənməklə deyil,
qəlbdən və gündəlik davranışdan başlayır. Çıxışının digər hissəsində hörmətli Seyid zəvvarın hərəkətində
fikir və mərifət yönünün əhəmiyyətinə diqqət çəkmişdir. O, imam Hüseyni (ə.s)
onun haqqını dərk edərək ziyarət etməyə çağıran məşhur hədisə işarə edərək
bildirmişdir ki, bu mərifət əqidəvi dəyərlərin möhkəmlənməsində və
Allah-taalanın dərgahında böyük dərəcələrə nail olmaqda mühüm təsirə malikdir.
Görüşün sonunda müqəddəs ziyarətgahların astanasında, xüsusilə Nəcəful-Əşrəfdə Əmirul-möminin imam Əli ibn Əbu Talibin (ə.s) müqəddəs hərəmində zəvvarın əldə etdiyi ilahi bərəkətlər və mənəvi lütflər vurğulanmışdır. Bu müqəddəs məkan insanın ruhən saflaşması, yüksək insani və dini prinsiplərə bağlılığını yeniləməsi, eləcə də fərdin və cəmiyyətin iman dərəcəsinin yüksəldilməsi üçün mənəvi başlanğıc məntəqəsi kimi təqdim edilmişdir. |