Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) təmsilçisi Kifl şəhərindən gələn nümayəndə heyətini qəbul edərək nemətlərə şükür etməyin və ilahi vəzifəni dərk etməyin vacibliyini vurğulamışdır
11/9/2026
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) təmsilçisi və onun Mərkəzi Ofisinin rəhbəri, höccətül-İslam vəl-müslimin Şeyx Əli Nəcəfi, Kifl şəhərinin sakinlərindən ibarət nümayəndə heyətini qəbul etmişdir.
O, görüş zamanı əhatəli və istiqamətləndirici çıxış edərək bəndə ilə Rəbbi arasındakı münasibətin müxtəlif aspektlərinə toxunub. Həmçinin Allahın verdiyi nemətləri dərk etməyin, iman mühitindən düzgün şəkildə faydalanmağın, nəfsi Əhli-beytin (ə.s) yolu əsasında tərbiyə etməyin, həqiqi şükür və səmimi istiğfarın əhəmiyyətini vurğulayıb.
İlkin olaraq bəxş edilən nemətlərin böyüklüyü
Şeyx Əli Nəcəfi çıxışının əvvəlində Allah-taalanın insana heç bir istək və müraciət olmadan əvvəlcədən bəxş etdiyi böyük nemətləri xatırladıb. O cümlədən bədən üzvlərinin sağlamlığı və insan bədəninin incə və heyrətamiz quruluşunu, valideynlərin məhəbbətini və onların övladlarına göstərdikləri qayğını qeyd edib.
Bildirdiyinə görə, insan varlıqlar içərisində ən kasıb və həyatın davam etməsi üçün ən çox ehtiyacı olan məxluqdur. Allah-taala isə insanın rahat və sabit şəkildə yaşaması, öz Rəbbini tanıması üçün bu dəqiq və nizamlı kainatı onun ixtiyarına verib.
Şeyx Əli Nəcəfi qeyd edib ki, bu ilahi nemətləri dərk etmək Allahın yaratdıqları üzərində daim düşünməyi tələb edir. Nemət verəni tanımaq və Onun lütfünü etiraf etmək düzgün iman yolunda ilk addımdır. Bütün digər itaət və fərdi ibadətlərin əsası da məhz budur.
İlahi rəhmət və nöqsanların örtülməsi
Daha sonra o, insanın vacib əməlləri və ilahi vəzifələri yerinə yetirməkdə davamlı şəkildə yol verdiyi nöqsanlardan danışıb. Bildirib ki, əgər insan etdiyi günahlara görə dərhal hesaba çəkilsəydi, yer üzündə heç kəs qalmazdı.
Lakin Allah-taalanın Özünü bəndələrinə “Rəhman və Rəhim” sifətləri ilə tanıtması ilahi rəhmətin insanı dərhal cəzalandırılmaqdan qoruyan bir örtük olmasına səbəb olub.
Şeyx Əli Nəcəfi diqqətə çatdırıb ki, bu ilahi lütf insanın səhv etməkdə davam etməsinə bəraət qazandıran bir vasitə kimi başa düşülməməlidir. Əksinə, bu rəhmət bəndə üçün ümid pəncərəsidir; ona qayıdış və səmimi tövbə qapılarını açır, insanı öz nəfsinin qarşısında dayanaraq əməllərini nəzərdən keçirməyə və fürsət əldən çıxmazdan əvvəl nöqsanlarını aradan qaldırmağa çağırır.
Şükür yalnız sözlə deyil, əməllə də olur
Mərkəzi Ofisin rəhbəri vurğulayıb ki, şükür yalnız dillə neməti tərifləmək və sözlə minnətdarlıq bildirməklə məhdudlaşmır. Şükür insanın bədən üzvlərindən və əməllərindən Allah-taalanın razı olduğu istiqamətdə istifadə etməsi ilə kamilləşir.
O bildirib ki, dinə və cəmiyyətə xidmət etmək üçün göstərilən səylər şükrün ən üstün nümunələrindəndir. Bu xüsusda imam Hadinin (ə.s) belə bir hədisini qeyd edib: “Şükür edən şəxs şükür etməklə əldə etdiyi xoşbəxtlik baxımından nemətin özündən daha xoşbəxtdir". Çünki nemət dünyada keçici bir sərvətdir, şükür isə axirət üçün qalacaq bir ibadət və itaətdir.
Şeyx Əli Nəcəfi izah edib ki, nemət verəni tanımaq həqiqi şükrün əsasını təşkil edir və bu, nemətlərin davamlı olmasına, insanın həyatında ilahi tövfiqin və yardımın davam etməsinə səbəb olur.
İlahi vəzifə və fədakarlıq ruhu
İlahi vəzifənin fəlsəfəsindən danışarkən Şeyx Əli Nəcəfi Qurani-Kərimin: “Allah heç bir kəsi gücünün çatdığından artıq yükləməz" ayəsinin mənasını açıqlayıb.
O vurğulayıb ki, Allah-taala bəndələrinə güclərindən artıq məsuliyyət yükləmir. İnsanın həyatda qarşılaşdığı çətinliklərin bir qisminin isə onun öz əməlləri və yanlış davranışlarının nəticəsi olduğunu bildirib.
Şeyx Əli Nəcəfi daha sonra Peyğəmbərin (s) və Əhli-beytinin (ə.s), xüsusilə şəhidlərin ağası imam Hüseynin (ə.s) göstərdiyi böyük fədakarlıqları xatırladıb. Bu fədakarlıqları dinin qorunub saxlanılaraq bizə gəlib çatmasına səbəb olan ən böyük nemətlərdən biri kimi təqdim edib.
O bildirib ki, Kərbəlada göstərilən bu böyük fədakarlıqlar ümmətin üzərinə haqq dinin qorunması, imam Hüseynin (ə.s) qiyamının və onun uca prinsiplərinin yolunun davam etdirilməsi məsuliyyətini qoyub.
Səmimi istiğfar və nicat
Şeyx Əli Nəcəfi çıxışının sonunda istiğfarın və insanın öz günahını etiraf etməsinin əhəmiyyətini vurğulayıb. O izah edib ki, istiğfar yalnız dilin “Əstəğfirullah” deməsindən ibarət deyil. Əsl istiğfar qəlbdə peşmanlıq, insanın öz nöqsanlarına görə həqiqi kədər hiss etməsi ilə müşayiət olunmalıdır.
Bu barədə belə bir hədisi qeyd edib: “Kim Allahdan bağışlanma diləyirəm deyər, lakin bunu deyərkən qəlbində peşmanlıq hiss etməzsə, özünü məsxərəyə qoymuş olar".
Şeyx Əli Nəcəfi sonda qonaq nümayəndə heyətini vilayət nemətindən layiqincə faydalanmağa, imanlı və mənəvi bir cəmiyyətdə yaşamağın imkanlarını dəyərləndirməyə, öz bədən üzvlərini və davranışlarını nəzarətdə saxlamağa və Muhəmməd və Ali-Muhəmmədin (ə.s) yolunda sabitqədəm olmağa çağırıb.
O vurğulayıb ki, bu mübarək yola möhkəm bağlanmaq dünya və axirətdə nicat və səadətə aparan yoldur.