Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) İraq və Körfəz ölkələrindən gələn zəvvar heyətlərini qəbul etdi və onlara atalıq nəsihətlər verdi
2/6/2025
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun), İraqdan və bir sıra Körfəz ölkələrindən Nəcəful-Əşrəfə gəlmiş zəvvar heyətlərini qəbul edib. Onlar, Mövlamız Əmirul-möminin imam Əli ibn Əbi Talibin (ə.s) mübarək hərəmini ziyarət etmək üçün gəlmişdilər.
Atalıq məhəbbəti ilə dolu və nəsihətlərlə zəngin olan bu görüşdə, Ayətullah Nəcəfi (kölgəsi davamlı olsun) zəvvarlara bir sıra dini və ictimai tövsiyələr verərək, onları sadiq möminlərin əxlaqına riayət etməyə və hər gün öz nəfsini hesaba çəkməyə çağırdı. O, qeyd etdi ki: “Kim gündəlik olaraq öz nəfsini hesaba çəkmirsə, böyük təhlükə altındadır”. O, bildirdi ki, nəfsin hesaba çəkilməsi nə kişi, nə qadın, nə yaş, nə də vəzifə ilə əlaqəlidir – bu, həqiqi möminin sifətlərindəndir.
O buyurdu:
“Nəfsini hesaba çəkməyən şəxs əhli-iman sayılmaz. Həqiqi mömin daima özünü dəyərləndirən və nəfsini yoxlayan biridir – istər kişi olsun, istər qadın, istər gənc, istərsə də yaşlı, fərq yoxdur. İnsan hər gecə oturub düşünməlidir: sübh namazından yatmazdan əvvələdək nə etdi? Nə gördü? Nə eşitdi? Nə danışdı? Nə aldı və nə verdi? Atdığı addımlar itaət içində idimi, yoxsa günahda?”
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) əlavə etdi ki, nəfsin hesaba çəkilməsi üçün ən uyğun zaman gecə vaxtıdır – ev sakitləşdikdən sonra insan tək qalaraq gün ərzində etdiyi işləri gözdən keçirməlidir. Əgər itaət içində olduğunu görərsə, Allaha şükür etməli və qəbul olunması üçün dua etməlidir. Əgər xəta etdiyini hiss edərsə, peşman olmalı, istiğfar etməli və Allahdan bağışlanma diləməlidir.
O, həmçinin imam Musa ibn Cəfərin (ə.s) öz övladlarına etdiyi nəsihəti xatırladaraq bildirdi ki, bu nəsihət çox dəyərli, dini mahiyyəti dərk etdirən və axirət üçün tükənməz xəzinə olan bir tövsiyədir.
Ayətullah buyurdu:
“Bu vəsiyyəti daim göz önündə saxlayın – övladlarınıza, qızlarınıza, nəvələrinizə bu tövsiyəni çatdırın. Bu, dünya üçün də bir qanundur”.
Zəvvarlara müraciətlə dedi:
“Əgər sizlərdən kimsə Nəcəfdən bu nəsihəti özü ilə aparmadan çıxarsa, böyük bir şey itirmiş olar. Bu, ötəri bir ziyarət deyil – bu, ilahi bir lütfdür və böyük bir nemətdir ki, şüur və davranışla nəticələnməlidir”.
Söhbətin davamında Ayətullah Nəcəfi (kölgəsi davamlı olsun) Nəcəful-Əşrəfin fəziləti və əzəməti barədə danışaraq dedi:
“Möminin Nəcəfdə yatması ibadətdir, çünki orada imam Əli (ə.s) var. Onun doğumu Kəbədə olmuşdur, buna görə bəzi rəvayətlərdə deyilir ki, möminin Məkkədə yatması da ibadətdir”. O, əlavə etdi ki, Əmirul-möminin imam Əlinin (ə.s) qəbri yanında olmaq dərin mənəvi və ruhi məna daşıyır.
Sonda Ayətullah Nəcəfi (kölgəsi davamlı olsun) zəvvarları İslam tarixində mühüm rola malik olan dini məkanları – xüsusilə Kufə məscidini ziyarət etməyə təşviq edərək dedi:
“Bu məscid dünyada ən böyük elmi məsciddir. Orada Əmirul-möminin (ə.s) oturur və namaz qılırdı. Elə orada da şəhid oldu. Bu məscid unudulmamalı olan böyük bir tarixə şahidlik edir".